Mürəkkəb xəstəliklərin – uzun müddətli mübarizə və çoxlu maddi vəsait tələb edən xəstəliklərin – diaqnostikası və müalicəsi daha çox səy və müxtəlif ixtisas sahələrindən olan həkimlərin birgə fəaliyyətini (multidissiplinar əməkdaşlıq) tələb edir. Bu cür fənlərarası iş müxtəlif bacarıq və təcrübəyə malik olan mütəxəssisləri bir araya gətirir və çətin vəziyyətlərdə həll yolları arayır. Bu həm də mütamadi yeni müalicə üsullarının meydana çıxdığı bir zamanda bir-birindən öyrənmək üçün yaxşı fürsət hesab edilir. Sənayeləşmiş ölkələrdə belə əməkdaşlıq, “Xərçəng Heyəti”, “Damar Heyəti” və s. kimi fənlərarası ekspertlərdən ibarət müxtəlif şuralar vasitəsilə idarə olunur.
Azəbaycanda multidissiplinar-fənlərarası ekspertlər şuraları ardıcıl və ümummilli olmadığı üçün bu təcrübənin ölkəmizdə geniş tətbiqinin xəstələrimizin daha yaxşı müalicə planı əldə etməsi üçün yeni imkanlar aça biləcəyinə inanırıq. Araşdırmalar göstərir ki, hətta Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş bir ölkədə belə xərçəng xəstəliyinin multidissiplinar təhlili diaqnoz və müalicə planın dəyişməsinə gətirib çıxarır. Amerikanın Milli Xərçəng İnstitutunun nüfüzlu „Annals of Surgical Oncology” jurnalında 2018-ci ildə dərc etdiyi bir araşdırması göstərir ki, multidissiplinar şiş şuralarında yenidən təhlil edilən xərçəng xəstlərinin 43%-ində diaqnoz və ya müalicə taktikasında dəyişiklik edilib. Bu multidissiplinar təhlilin və fərqli mütəxəssislərin rəylərinin alınmasının vacibliyini bir daha təsiq edir.
Bizim hazırladığımız proqramın məqsədi inkişaf etmiş ölkələrdə çalışan azərbaycanlı mütəxəssislərin potensialından istifadə edərək bu ölkələrin fənlərarası iş təcrübəsini Azərbaycana ötürməkdir.
Hörmətlə,
Dr.med. Vüqar Yaqublu
Proqram Direktoru
Almaniyanın Heydelberq Universitetinin
Mannheym Cərrahlıq Mərkəzinin ümümi cərrahı