Kolorektal xərçəng (KRX) yüksək yayılma və ölüm nisbəti ilə dünyada ən ciddi sağlamlıq problemidir. Erkən diaqnoz qoyulduqda kolorektal xərçəng 90% sağalma nisbəti ilə ən çox müalicə edilə bilən xərçəng növlərindən biridir. Sübutlar göstərir ki, xərçəngin qarşısının alınmasına dair mövcud bilikləri tətbiq etməklə və skrininq testlərindən istifadəni artırmaqla KRX-lərin əksəriyyətinin qarşısını almaq olar.
KRX-in diaqnozu və müalicəsində olan irəliləyişlərin bu bədxassəli xəstəliyin müalicəsində böyük təsiri olmuşdur. Skrininq, profilaktika, biomarker və genomik analiz, kök hüceyrə tədqiqatları, fərdiləşdirilmiş müalicələr və kimyaterapiya sahəsindəki inkişaflar xəstəliyin aşkarlanması və ölüm statistikasını yaxşılaşdırmışdır.
Fərdiləşdirilmiş müalicə planı xərçəngin uğurlu müalicəsinin təməl daşıdır. Hər bir xəstəyə şişin növü və inkişaf mərhələsinə uyğun olaraq fərdiləşdirilmiş müalicə planı tətbiq edilir. Bu zaman şişin histologiyasının və mərhələsinin müəyyən edilməsi müalicə seçimlərinin uğurlu formada planlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Müasir bilik və sübutlar əsasında ən yaxşı müalicə taktikası adətən multidissiplinar heyət (onkoloq, cərrah, radioloq, patoloq və şüa terapevti) tərəfindən müəyyən edilir.
İlkin mərhələləndirmə və risk dəyərləndirməsi
Kolorektal xərçəng xəstəliyin mərhələsinə əsasən müalicə olunur. Mərhələlər xərçəngin ağırlığını təyin edir (I-IV mərhələ). Kolorektal xərçəngin müxtəlif mərhələləri şişin bağırsaq divarına invaziya dərinliyi, limfa düyünlərinin prosesə qoşulması (drenaj düyünləri) və digər orqanlara yayılması (metastazlar) ilə müəyyən edilir.
İlkin hədəf xərçəngin mərhələsinin müəyyənləşdirilməsidir. Kolorektal xərçənginin mərhələsinin təyini üçün aşağıdakılara nəzər salın:
- Ailə anamnezi, fizikal müayinə, qanın ümumi analizi, şiş markerləri, qaraciyər və böyrək funksional testləri.
- Yoğun bağırsağın endoskopik müayinəsi.
- Kolorektal xərçəngin patohistologiyası.
- Bu görüntüləmə müayinələri tələb oluna bilər: Rentgen, KT, MRT, PET və Ultrasəs müayinələri. Nəzərə alın ki, MRT müayinəsi rektum xərçənginin ilkin və müalicədən sonrakı klinik mərhələsinin müəyyən edilməsində getdikcə daha vacib rol oynayır. MRT cərrahi əməliyyatın planlaşdırılması üçün mezorektal fassiya və sfinkter kompleksinin dəqiq qiymətləndirilməsini asanlaşdırır. Buna görə də, diqqətlə icra edilmiş çanaq MRT müayinəsi mütəxəssislərimiz üçün dəyərlidir.
Kolorektal xərçəngin müalicəsi
Adətən hər bir xəstə, ən yaxşı müalicə üsulunun təyin edilməsi məqsədilə qastroenteroloqlar, cərrahlar, onkoloqlar, radioloqlar və patohistoloqlardan ibarət multidisiplinar komanda tərəfindən müzakirə edilir. Başqa mütəxəssislərə də ehtiyac olduğu zaman (məsələn, ginekoloq və ya uroloq, tibbi genetik) onlar da qərar vermə prosesinə cəlb edilir. Aşağıda hazırkı əsas müalicə üsulları göstərilmişdir:
- Cərrahi əməliyyat lokal kolon xərçəngi üçün yeganə müalicə üsuludur (I-III mərhələ). Cərrahi rezeksiya qaraciyər və/və ya ağciyərdə məhdud sayda metastazlar olan xəstələr üçün yeganə müalicə üsulu heab oluna bilir, lakin bağırsaq keçməzliyi olmayan IV mərhələ kolon xərçəngi xəstələrində planlı bağırsaq rezeksiyalarının icrası davam edən bir müzakirə mövzusudur. Belə hallarda qərar Xərçəng Şurasında müakirədən və xəstənin razılığından sonra individual olaraq verilir.
- Səthi yerləşən, kiçik rektal adenokarsinomalarda lokal eksiziya kimi məhdud cərrahi müdaxilələr effektiv ola bilir. Lakin xəstələrin əksəriyyətində daha dərinə invaziya edən şişlər olur və bu zaman ön aşağı rezeksiya (LAR) və ya abdominoperineal rezeksiya (APR) kimi daha geniş həcmli əməliyyatlar lazımdır.
- Düz bağırsağın yuxarı və orta hissəsində yerləşən şişlər zamanı adətən ön aşağı rezeksiya, koloanal anastomoz və anal sfinkterin qorunması icra edilir. Baxmayaraq ki, əməliyyatdan sonra anorektal funksiya mükəmməl olmaya bilər, avtonom çanaq sinirlərini qorumaqla əməliyyatdan sonrakı cinsi və urinar disfunksiya riski azaldıla bilər. Bu da əksər hallarda, əsasən də total mezorektal eksiziya (TME) zamanı mümkündür. Düz bağırsağın aşağı hissəsində yerləşən (anal kənardan 5 sm və daha az məsafədə) şişlər lokal olaraq şişin kontrolu və anal sfinkterin qorunması baxımından çətinliklər yaradır. Bu hallarda neoadyuvant (əməliyyatdan əvvəl) radioterapiya effektiv ola bilər.
- Yoğun bağırsaq xərçənglərində kimyaterapiya adətən limfa düyünlərinə yayılma olduğu zaman əməliyyatdan sonrakı dövrdə verilir. Bu zaman kimyaterapiya xərçəngin residivi və ölüm riskini azaltmağa kömək edə bilər. Bəzən kimyaterapiya əməliyyatdan əvvəl, şişin ölçüsünü kiçiltmək məqsədilə də tətbiq edilə bilər. Əməliyyatdan əvvəl kimyaterapiya yoğun bağırsaq xərçəngindən daha çox düz bağırsaq xərçəngi zamanı tətbiq edilir.
- Hədəf dərman müalicəsi. Xərçəng hüceyrələrinin böyüməsinə imkan verən spesifik dəyişiklikləri hədəf alan, Bevacizumab (Avastin), Cetuximab (Erbitux), Panitumumab (Vectibix), Ramucirumab (Cyramza), Regorafenib (Stivarga), Ziv-aflibercept (Zaltrap) kimi dərmanlar irəli mərhələdə kolon xərçəngi olan xəstələrdə istifadə edilir. Hədəf preparatlar kimyaterapiya ilə yanaşı və ya tək başına verilə bilir. Bu preparatlar əsasən irəliləmiş kolon xərçəngi olan xəstələr üçün nəzərdə tutulur.
- İmmunoterapiya. Irəliləmiş kolon xərçəngi olan bəzi xəstələrin pembrolizumab (Keytruda) and nivolumab (Opdivo) kimi anticisimlərlə immunoterapiyadan faydalanmaq şansı var. Kolon xərçənginin bu immunoterapiyalara cavab vermə şansının olub-olmaması şiş toxumasının xüsusi müayinəsi ilə müəyyən edilə bilər.
- Proton şüa terapiyası. Ən yeni şüa terapiya üsullarında biri olan proton şüa müalicəsi uşaqlar, yeniyetmələr və şişin həyati vacib orqan və strukturlara yaxın yerləşdiyi xəstələrdə effektiv ola bilər.
Kolorektal xərçəng müalicəsindən sonrakı təqib
Residivlərin əksəriyyəti ilk 2 il ərzində, 90%-i isə 5 il ərzində baş verir. Buna görə də, təqib kontrol müayinələri çox vacibdir. Təqib planı xəstəyə və xəstəliyin mərhələsinə uyğun individual olaraq formalaşdırılır.
- İlkin müalicədən sonrakı 2 il ərzində 6 aydan bir: fizikal müayinə, qanın ümumi analizi, qaraciyər və böyrək funksional testləri, şiş markerləri, qarın boşluğunun ultrasəs və/və ya kompüter tomoqrafiya (KT) müayinəsi.
- İlk 3 il müddətində ən az 2 dəfə döş qəfəsi, qarın boşluğu və çanaq KT, və müntəzəm qanda CEA analizi (ilk 3 ildə ən azı 6 ayda bir)
- Diaqnostik çalışmalar zamanı aparılmayıbda, ilk ildə tamamlayıcı kolonoskopiya müayinəsi
- 75 yaşına qədər hər 5 ildən bir kolonoskopiya və kolon poliplərinin rezeksiyası
Açar sözlər: kolorektal xərçəng, rektal xərçəng, sitoreduktiv cərrahiyyə, HİPEC, hədəf terapiya
Ədəbiyyat:
- Rectal Cancer: ESMO Clinical Practice Guidelines. Ann Oncol (2017) 28 (suppl 4): iv22–iv40
- Metastatic Colorectal Cancer: ESMO Clinical Practice Guidelines. Ann Oncol (2014) 25 (suppl 3): iii1-iii9